“Neft gəlirlərimiz 20 faiz artıb” - Vitse-prezident

10:10 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın vitse-prezidenti Möhsün Mənsuri ölkəsinin iqtisadi məlumatları ilə bağlı məlumat verib.

Hafta.az-ın “Tesnim” Xəbər Agentliyinə istinadən yazdığına görə, Mənsuri "İranda iqtisadi artım sürəti 6 faizi keçdiyi halda, neft gəlirləri 20 faiz artıb" deyib.

İran rəsmisi qeyd edib ki, onlar neft satışı üçün müştərilər tapa biliblər və istehsal etdikləri məhsulun hamısını satışa çıxarırlar.

Prezident Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra ABŞ İrana qarşı iqtisadi sanksiyaları artırıb və neft satışlarını məhdudlaşdırıb. İran Neft Nazirliyinin statistikasına görə, ABŞ nüvə sazişindən çıxmazdan əvvəl 2018-ci ilin aprel ayında gündəlik 3,8 milyon barel xam neft və kondensat hasil edən Tehran bu həcmin 2,8 milyon barrelini ixrac edirdi.

Büdcə və Planlaşdırma Qurumunun prezidenti Davud Mənzur 13 avqust 2023-cü il tarixli açıqlamasında ölkəsinin gündəlik neft ixracatının 1,4 milyon bareli keçdiyini qeyd edib.

Neft naziri Cavad Ovçi, 1 noyabr 2023-cü il tarixli açıqlamasında, "Biz hakimiyyətə gələndə gündəlik neft hasilatımız 2,2 milyon barrel idi. Nazirliyimizin 24 ay ərzində gördüyü işlərlə bu rəqəm 3,4 milyon barelədək artdı” deyib.